skip to Main Content

Uşaqlarda boyun geri qalması

Uşaqlarda boyun geri qalması / Задержка роста у детейUşağın boyu uşaq yaşını xarakterizə edən əsas faktorlardan biridir. Boy, genetik olaraq proqramlaşdırılmış bir prosesdir, və o, yalnız qidalanma ilə gələn nutrientlərin optimal miqdarı və xarici ətraf mühitinin əlverişli olması zamanı mümkündür.Uşağın boyu bizə genetik, hormonal, toxuma və xarici faktorların sümüyə və digər toxumalara olan təsirini göstərir.

Yəni, uşağın boyunun geri qalması onda genetik problemlərin (bir çox genetik sindromlar və xəstəliklər zamanı boy geri qalır), hormonal pozğunluqların, somatik xəstəliklərin (ürək xəstəlikləri, defisit vəziyyətlər, xərçəng və s) olmasından xəbər verir, həmçinin yetərsiz qidalanma zamanı da uşağın inkişafı, həmçinin boyu geri qalır.

Uşaqda yetərsiz qidalanma bu problemləri yarada bilir : orqanizmin tükənməsi, boyun geri qalması, bədən kütləsinin aşağı olması, vitamin və mineralların çatmamazlığı. Uşaqda boyun geri qalması xroniki ya periodik olaraq qida çatmamazlığı, ananın xəstəlikləri və pis qidalanmasının nəticəsidir, bu adətən aşağı sosial təbəqələrdə olur, həmçinin, südəmər dövrdə və balaca yaşlarda uşağın tez-tez xəstələnməsi və/və ya yetərsiz qidalanması və qulluğu zamanı baş verir.

Mən isə diqqətinizi boya təsir edə biləcək hormonal faktorlara yönəltmək istəyirəm.

Boy praktiki olaraq bütün hormonal sistem ilə (tireoid, insulin, kalsiytənzimləyən, böyrəküstü vəzi, cinsi hormonlar) genetik olaraq tənzimlənir, əsas nəzarət edən sistem isə, hipotalamo-hipofizar sistemdir, tam olaraq isə somatotrop hormon (STH) – boy hormonudur.

Bu hormonun sintezinə – qidalanma, fiziki aktivlik, yuxu təsir edir. İş ondadır ki, qanda qlükoza və sərbəst yağ turşuları qalxan kimi STH spontan sintezi dayanır, fiziki aktivlik zamanı qlükozanın düşməsi və bəzi amin turşuların yetərli miqdarda olması isə STH sintezini artırır. Həmçinin, STH dərin yuxu zamanı 4-5 dəfə artır ki, boşuna uşaq yuxuda böyüyür, demirlər.

Boy hormonundan əlavə boya digər hormonlar da təsir edir. Prenatal periodda ilk üç aylıqda dölə ananın boy faktorları təsir edir, daha sonra isə ananın qidalanması, plasentanın funksiyaları, həmçinin hormonal olanlar da rol oynayır. Sonuncu üç aylıqda isə dölün STH və İFR-1 (insulinəbənzər boy faktoru) qoşulur. Körpə yaşlarda çox vacib rolu tireoid hormonlar yerinə yetirir, onlar STH asılı olmayaraq sümüklərin boy zonalarına və böyüməsinə təsir edir. Pubertat öncəsi periodda boy böyrəküstü vəzlərin androgenlərinin hesabına artır. Dolayı yolla isə sümük sisteminin inkişafına insulin, prolaktin, kalsiytənzimləyən hormonlar, böyrəküstü vəzilərin hormonları təsir edir.

Bəs uşağınızın boydan geri qalıb-qalmamasını necə anlayasınız ?

Boyun geri qalmasını anlamaq elə də çətin deyil. Yetərli olar ki, yaşıdların boyuna diqqət edəsiniz, uşaq eyni paltarı neçə il geyinməsinə fikir verəsiniz, nə zaman paltar əyninə balaca olur?. İndi demək olar ki, bütün brendlər uşaq paltarlarını yaşlarına görə ayırır, əgər uşaq 10 yaşında hələ də 8 yaş üçün paltar geyinirsə bu haqda düşünmək lazımdır.

Amma, yenə də real vəziyyəti həkim qiymətləndirəcək. Bunun üçün o, ölçüləri götürüb, sentil şkalaları ilə müqayisə edəcək. Əgər geri qalma varsa səbəblərini araşdırmaq və konsultasiya üçün uşaq endokrinoloquna yaxınlaşın.

Əgər boyun artmasına somatik xəstəliklər mane olursa, onların korreksiyası yetərli olacaq ki, boy inkişaf etsin. Əgər səbəb yetərsiz qidalanma ya vitamin və mikroelementlərin çatmamazlığıdırsa orqanizmdə onların səviyyəsini korreksiya etməklə problem həll olacaq. Əgər problem genetik sindromlar ya hormonal pozğunluqlardırsa endokrinoloq müvafiq müalicə təyin edəcəkdir.

Boyun korreksiyası zamanı əsas olan faktor, həkimə vaxtında müraciətdir. Belə ki, cinsi inkişafın başlanması zamanı boyun korreksiyası çətinlik yaradır.

Back To Top